ATA-da Azərbaycan–İndoneziya pambıq və tekstil əməkdaşlığı müzakirə olunub

1 sentyabr 2026 | Bakı

Bakı, 1 sentyabr 2026-cı il — Azərbaycan Tekstil Assosiasiyası (ATA) İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə ölkənin pambıq sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin — GP Cotton Holdings , “Azərpambıq ASK” MMC, və “Prime Cotton” MMC-nin nümayəndələri arasında görüş təşkil edib.

Görüşdə İndoneziya tərəfinin Azərbaycandan pambıq və pambıq ipliyi idxalına marağı müzakirə olunub. Tərəflər məhsulların texniki göstəriciləri, mümkün illik idxal həcmləri, tədarük qrafiki və ixracın başlanması üçün nəzərdə tutulan müddət ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin əməkdaşlığın yalnız xammal ticarəti ilə məhdudlaşmaması, birgə investisiyalar və sənaye tərəfdaşlıqları vasitəsilə daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.

“İndoneziyanın investisiyalar üzrə nazir müavininin oktyabr ayında Bakıya planlaşdırılan səfəri çərçivəsində bu dialoqu strateji ticarət, investisiya və sənaye əməkdaşlığını əhatə edən daha geniş müzakirələrlə davam etdirməyi səbirsizliklə gözləyirik”, — deyə səfir Berlian Helmi bildirib.

“Uzunmüddətli perspektivdə əsas imkan yalnız pambıq lifinin alınmasında deyil, iplik istehsalı güclərinə sərmayə qoyulmasında və əlavə dəyərin yaradılmasındadır. İndoneziyalı investorlar və tekstil şirkətləri ilə Azərbaycanda iplik istehsalı üzrə birgə müəssisələrin yaradılması, eləcə də digər bazarlarda mümkün əməkdaşlıq istiqamətləri araşdırılmalıdır”, — deyə ATA-nın icraçı direktoru Fəridə Axundova vurğulayıb.

ATA tərəflər arasında əlaqələndirməni davam etdirəcək, konkret kommersiya və investisiya təkliflərinin hazırlanmasına dəstək göstərəcək. Görüş Azərbaycan ilə İndoneziya arasında tekstil ticarətinin genişləndirilməsi və uzunmüddətli sənaye əməkdaşlığının qurulması istiqamətində mühüm addım olub.