Bakı, 27 avqust 2026-cı il
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Tekstil Assosiasiyası (ATA) arasında tekstil və yüngül sənaye sahəsində insan kapitalının inkişafına yönəlmiş Anlaşma Memorandumu imzalanıb.
Sənədi Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı və Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Fəridə Axundova imzalayıblar. İmzalanma mərasimində Azərbaycanın pambıq və tekstil sənayesini təmsil edən GP Cotton Holdings, Prime Cotton, GiLTEX, Azərşəkər və Textile Horizon şirkətlərinin nümayəndələri də iştirak ediblər.
Memorandum dövlət, peşə təhsili sistemi və sənaye arasında daha sistemli əməkdaşlığın qurulmasına, xüsusilə pambıq, iplik və tekstil dəyər zənciri üzrə yerli peşəkar kadr potensialının gücləndirilməsinə dair tərəflərin niyyətini və hazırlığını əks etdirir. Əməkdaşlığın növbəti mərhələsində praktiki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Buraya sənayenin real ehtiyaclarına uyğun tədris proqramlarının birgə hazırlanması, dual peşə təhsilinin və istehsalat təcrübəsinin genişləndirilməsi, şirkətlərin mütəxəssislərinin tədris prosesinə cəlb olunması, tələbələrin istehsalat müəssisələrində praktiki hazırlığı və gələcək məşğulluq imkanlarının artırılması daxildir.
Əsas məqsəd Azərbaycan gənclərinin müasir sənaye tələblərinə cavab verən bilik və praktiki bacarıqlarla təmin olunması, onların yerli istehsal müəssisələrində məşğulluq imkanlarının genişləndirilməsi və uzunmüddətli perspektivdə sektorun xaricdən cəlb olunan ixtisaslı peşəkar kadrlardan asılılığının azaldılmasıdır.
Memorandum çərçivəsində xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biri də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əməkdaşlıq əsasında həyata keçirilən “Sosial Atelye” layihəsidir. Layihə sosial həssas kateqoriyaya aid, o cümlədən valideyn himayəsindən məhrum olmuş qızların tikiş, dərzilik və digər tekstil peşələri üzrə praktiki bilik və bacarıqlara yiyələnməsini, onların müvafiq peşə təhsili və təlim proqramlarına cəlb olunmasını nəzərdə tutur. Məqsəd bu gənclər üçün gələcəkdə məşğulluq, iqtisadi müstəqillik və sosial inteqrasiya imkanlarını genişləndirmək, eyni zamanda tekstil sənayesinin sosial təsirini və inklüziv məşğulluqdakı rolunu gücləndirməkdir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Tekstil Assosiasiyası arasında əməkdaşlıq Azərbaycanın tekstil sektorunun genişlənməsi üçün tələb olunan yerli insan kapitalının formalaşdırılması və təhsil–sənaye əməkdaşlığının davamlı institusional modelə çevrilməsi istiqamətində mühüm addımdır.














