Bakı, 19 iyul 2026-cı il
19 iyul 2026-cı il tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Agentliyin rəhbərliyi və nümayəndələri ilə Azərbaycan Tekstil Assosiasiyasının nümayəndələri arasında işgüzar görüş keçirilib.
Görüşdə ölkədə tekstil sənayesinin rəqabət qabiliyyətinin artırılması, beynəlxalq standartların tətbiqi, dövlət satınalmalarında yerli istehsalın təşviqi, məhsul keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının inkişafı istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Agentliyin sədri Elnur Bağırov Azərbaycan Tekstil Assosiasiyasını Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasına (ITMF) üzv olması münasibətilə təbrik edib, beynəlxalq standartların tətbiqi və biznes subyektlərinin bu istiqamətdə dəstəklənməsi üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Azərbaycan Tekstil Assosiasiyasının icraçı direktoru Fəridə Axundova görüşün təşkilinə görə təşəkkürünü bildirərək, yerli və beynəlxalq tekstil bazarların dinamikası, ölkədə tekstil sektorunun inkişaf perspektivləri, ixrac məhsulları üzrə mənşə sertifikatlarının verilməsi, dövlət satınalmalarında yerli istehsalçıların iştirakının genişləndirilməsi və dövlətlə biznes arasında davamlı əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Görüş məhsuldar dialoq şəraitində keçib. Tərəflər tekstil sənayesinin inkişafı, beynəlxalq standartların tətbiqi və dövlət-biznes əməkdaşlığının gücləndirilməsi istiqamətində müntəzəm dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.










