Bakıda keçiriləcək “Nine Senses Fest 2025” festivalı ərəfəsində jurnalistlər və blogerlər üçün “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzinə media-tur təşkil olunub.
Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Farida Axundova tədbirdə çıxış edərək, Azərbaycan istehsalçılarının yaradıcılıq və sənətə verdiyi töhfəni daha geniş kütləyə tanıtmaq üçün belə beynəlxalq platformalar çox vacibliyini bildirib. O, Nine Senses Fest 2025 çərçivəsində ‘Made in Azerbaijan’ brendi altında yerli istehsalçıların iştirakının ölkəmizin potensialını nümayiş etdirməsi baxımından önəmli addım kimi dəyərləndirib.
Tədbirdə mərkəzin akademik direktoru Natalya Jukova da çıxış edərək, “Nine Senses”in sənət, ruh və bədən harmoniyasını birləşdirən unikal məkan olduğunu bildirib. Onun sözlərinə görə, burada yoqa dərsləri, meditasiya və sənət proqramları vasitəsilə insanların daxili dəyişimini dəstəkləmək məqsədi güdülür.
2-4 may 2025-ci il tarixlərində keçiriləcək festival Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses Art Center”in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşacaq. Festivalda yoqa, meditasiya, sufi fəlsəfəsi, art-terapiya, musiqi performansları və müxtəlif praktik sessiyalar təqdim olunacaq.
“Nine Senses Fest 2025” çərçivəsində Azərbaycan Tekstil Assosiasiyasının tərəfdaşlığı və shoppingaz.az-ın təşkilatçılığı ilə “Made in Azerbaijan” brendi altında yerli məhsulların təqdim olunduğu böyük yarmarka da keçiriləcək. Yarmarka 200-dən çox yerli brendi bir araya gətirəcək.


