ATA İcraçı direktoru Fəridə Axundova “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” konfransında iştirak edib

Azərbaycan Tekstil Assosiasiyasının (ATA) İcraçı direktoru Fəridə Axundova 25 aprel 2025-ci il tarixində keçirilən “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda iştirak edib. Xüsusilə qeyd edək ki, builki tədbir “Sahibkarlar Günü”nün 10 illik yubileyinə təsadüf edir və bu əlamətdar il sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin və iqtisadi islahatların mühüm əhəmiyyətini bir daha vurğulayıb.

Tədbir sonrası media nümayəndələrinə müsahibə verən Fəridə Axundova, ölkəmizdə sahibkarlara göstərilən dövlət dəstəyi, qeyri-neft sektorunun, xüsusilə tekstil sənayesinin inkişafı istiqamətində davamlı təşviq mexanizmləri barədə geniş məlumat verib. O, vergi və gömrük sahəsində şəffaflaşdırma və rəqəmsallaşma tədbirlərinin sahibkarlar üçün daha əlverişli mühit yaratdığını bildirib.

Azərbaycan Tekstil Assosiasiyasının fəaliyyətinə toxunan Fəridə Axundova, dövlət orqanları ilə effektiv dialoqun qurulması, sektoral təlim və maarifləndirmə təşəbbüsləri, habelə sənaye problemləri üzrə konkret təkliflərin hazırlanması istiqamətində atılan addımları vurğulayıb.

Eyni zamanda, tekstil sahəsində qarşıda duran əsas hədəflər – daxili bazarın gücləndirilməsi, ixtisaslı kadrların hazırlanması və “Azərbaycan 2030” sosial-iqtisadi inkişaf prioritetləri ilə uyğunluq barədə danışıb. O, Azərbaycanın qlobal bazarda milli tekstil brendi ilə təmsil olunması üçün atılan addımları və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi planlarını da mediaya açıqlayıb.

Azərbaycan Tekstil Assosiasiyası, ölkəmizin rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyat qurmaq hədəfinə uyğun olaraq, tekstil sənayesinin inkişafı və beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bir cavab yazın