18 mart 2026-ci il, Bakı, Azərbaycan
Azərbaycan Tekstil Assosiasiyası (ATA) dünyanın ən nüfuzlu sənaye platformalarından biri olan Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasına (ITMF) rəsmi üzv qəbul olunaraq Azərbaycanın qlobal tekstil dəyər zəncirinə inteqrasiyasında mühüm strateji mərhələyə imza atıb.
1904-cü ildə təsis olunmuş ITMF dünyanın ən qədim beynəlxalq qeyri-hökumət təşkilatlarından biri olmaqla, tekstil sənayesinin bütün dəyər zəncirini — xammaldan hazır məhsula qədər — birləşdirən qlobal platforma kimi fəaliyyət göstərir. Federasiyanın əsas missiyası üzvlər arasında əlaqələrin qurulması, sənaye üzrə məlumatların toplanması və paylaşılması, həmçinin tekstil sektorunun maraqlarının beynəlxalq səviyyədə təmsil olunmasından ibarətdir.
ATA-nın bu təşkilata üzv qəbul olunması təkcə Assosiasiya üçün deyil, bütövlükdə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Bu addım ölkənin qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi və sənayenin qlobal bazarlara inteqrasiyası istiqamətində mühüm töhfə verir.
ATA ölkədə tekstil və geyim sənayesinin maraqlarını təmsil edən əsas platformalardan biri kimi sektorun inkişafı, dövlət–özəl sektor dialoqunun gücləndirilməsi, istehsal potensialının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. ITMF-ə üzvlük bu istiqamətdə ATA-nın rolunu daha da gücləndirir və təşkilatın dayanıqlı inkişaf, innovasiya və qlobal rəqabət qabiliyyətinin artırılması üzrə öhdəliyini təsdiqləyir.
ITMF-in baş direktoru Kristian Şindler qeyd edib:
“Azərbaycan Tekstil Assosiasiyasını yeni üzv kimi qarşılamaq ITMF-in qlobal şəbəkəsini daha da gücləndirir. Azərbaycanın tekstil sektoru böyük inkişaf potensialına malikdir və ATA-nın iştirakı beynəlxalq əməkdaşlığın dərinləşməsinə, bilik mübadiləsinə və qlobal dəyər zəncirinə inteqrasiyaya mühüm töhfə verəcək.”
ATA-nın İcraçı direktoru Fəridə Axundova bildirib:
“ITMF-ə üzvlük Azərbaycanın tekstil sənayesi üçün strateji dönüş nöqtəsidir. Bu, yerli istehsalçıların qlobal bazarlara çıxış imkanlarını genişləndirir, beynəlxalq standartların tətbiqini sürətləndirir və innovativ yanaşmaların ölkəyə transferini təmin edir. Eyni zamanda bu üzvlük dövlət və özəl sektor arasında koordinasiyanın gücləndirilməsi və sektorun vahid inkişaf strategiyasının formalaşdırılması baxımından mühüm platforma rolunu oynayacaq.”
ITMF çərçivəsində ATA və onun üzv şirkətləri aşağıdakı imkanlardan faydalanacaqlar:
- Yeni ixrac bazarlarına çıxış və strateji tərəfdaşlıqların qurulması.
- Qlobal statistik məlumatlara, analitik hesabatlara və sənaye sorğularına çıxış;
- Beynəlxalq ekspert şəbəkəsi ilə birbaşa əlaqə və bilik mübadiləsi;
- Qlobal trendlər, innovasiyalar və dayanıqlılıq istiqamətində məlumatlandırma;
- Beynəlxalq konfrans və forumlarda iştirak;
Bu üzvlük, eyni zamanda, dövlət qurumları üçün sənaye siyasətinin formalaşdırılmasında daha dəqiq və beynəlxalq təcrübəyə əsaslanan qərarların qəbul edilməsinə imkan yaradır, ölkənin sənaye strategiyasının qlobal tendensiyalarla uyğunlaşdırılmasına xidmət edir.
Özəl sektor üçün isə bu addım yeni bazarlara çıxış, rəqabət qabiliyyətinin artırılması, texnoloji və idarəetmə təcrübələrinin tətbiqi baxımından mühüm imkanlar açır. ATA-nın ITMF-ə üzvlüyü Azərbaycanın tekstil sektorunun beynəlxalq mövqeyinin gücləndirilməsi, ölkənin qlobal tekstil bazarında etibarlı və rəqabətli tərəfdaş kimi mövqelənməsi istiqamətində əhəmiyyətli nailiyyət kimi qiymətləndirilir.







