Bugün, 22 noyabr 2024-cü il tarixində, Bakıda “COP29 İrsi: Azərbaycanın Gələcəyi Üçün Yeni Perspektivlər və Dayanıqlı İnkişaf” mövzusunda konfrans keçirildi. Tədbir, COP29-un Azərbaycana təsiri və dayanıqlı inkişaf sahəsində milli dəyişikliklərin istiqamətlərini müzakirə etmək məqsədi daşıyırdı. COP29-un yerli səviyyədə yaratdığı irs və ideyaların real fəaliyyətlərə çevrilməsi tədbirin əsas müzakirə mövzusu oldu.
Konfransda Azərbaycan Tekstil Assosiasiyasının İcraçı Direktoru Fəridə Axundova, UNFCCC Proqramların Koordinasiyası üzrə Meneceri Niklas Svenningsen, Milli Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının Baş Katibi və COP29 Təşkilati Komitəsinin üzvü Natəvan Məmmədova və GLOBE Qanunvericiləri Təşkilatının Baş İcraçı Direktoru Malini Mehra çıxış etdilər.
Fəridə Axundova isə COP29-un Azərbaycanın sənaye və istehsalat sektoruna olan təsirini vurğuladı. O, sənaye sektorunda gözlənilən qanunvericilik yenilikləri və Azərbaycanın tekstil sənayesinin dayanıqlı inkişaf baxımından əldə edəcəyi imkanlarla bağlı fikirlərini bölüşdü.
Tədbir panel müzakirələri ilə davam etdi, burada spikerlər dayanıqlı iqtisadiyyatın inkişafına dair perspektivləri və COP29-un uzunmüddətli irsini dəyərləndirdilər. Müzakirələrdən sonra iştirakçılar auditoriya ilə canlı sual-cavab sessiyasında qarşılıqlı fikir mübadiləsi apardılar.
Konfrans, Azərbaycanın dayanıqlı inkişaf istiqamətində atdığı addımların gücləndirilməsi və COP29-un irsinin ölkəmizin gələcəyinə inteqrasiya olunması üçün yeni üfüqlər açdı.