7 oktyabr 2025-ci il tarixində Bakıdakı “The Ritz-Carlton” otelində Azərbaycan Tekstil Assosiasiyası (ATA), Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən “Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiyanın Təşviqi” adlı seminar keçirilib. Tədbir Azərbaycanın tekstil sənayesinin beynəlxalq sistemə inteqrasiyası baxımından strateji mərhələni simvolizə edib və ölkənin bu sahədə qlobal mərkəzə çevrilməsi istiqamətində yeni səhifə açıb.
Seminar çərçivəsində ITMF-in Baş direktoru Dr. Kristian Şindler, AZPROMO-nun icraçı direktorun müavini Tural Hacılı və ATA-nın icraçı direktoru Fəridə Axundova tərəfindən üçtərəfli Fəaliyyət Planı imzalanıb. Bu sənəd Azərbaycanın tekstil sənayesinin beynəlxalq standartlara uyğun inkişafı, dayanıqlılıq və izləniləbilənlik üzrə bilik mübadiləsi, ixrac potensialının artırılması, eləcə də yerli istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində konkret addımların həyata keçirilməsini nəzərdə tutur. Fəaliyyət Planı eyni zamanda 2029-cu ildə Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının (ITMF) illik konfransının Azərbaycanda keçirilməsi imkanlarının genişləndirilməsinə yönəlmiş yol xəritəsi rolunu oynayır və bu hədəfə nail olmaq üçün zəruri olan koordinasiyalı tədbirlər planını müəyyənləşdirir.
ITMF-in Baş direktoru Dr. Kristian Şindler çıxışında qeyd edib:
“Azərbaycan tekstil sənayesi artıq regional miqyasda tanınır, lakin onun potensialı qlobal səviyyədə təmsil olunmağa tam qadirdir. Burada gördüyümüz irəliləyiş, gənc və innovativ peşəkar nəsil bu sənayeni beynəlxalq xəritəyə çıxaracaq. Biz Azərbaycanın tekstil sektorunu gələcəkdə ITMF ailəsinin fəal üzvü kimi görməkdən məmnunuq.”
AZPROMO-nun icraçı direktorun müavini Tural Hacılı bildirib:
“Azərbaycan hökumətinin sənaye və ixracın şaxələndirilməsi siyasəti çərçivəsində tekstil sektoru prioritet istiqamətlərdən biridir. Bu əməkdaşlıq planı vasitəsilə biz həm beynəlxalq bazarlara çıxışı genişləndirəcək, həm də yerli istehsalçıların qlobal tələblərə uyğunlaşmasını təmin edəcəyik. ITMF kimi nüfuzlu tərəfdaşlarla əməkdaşlıq Azərbaycanın ixrac brendinə etibarı daha da gücləndirəcək.”
ATA-nın icraçı direktoru Fəridə Axundova öz çıxışında vurğulayıb ki, ITMF yalnız peşəkar birlik deyil, həm də qlobal tekstil dəyər zəncirində siyasət, investisiya və dayanıqlılıq qərarlarının formalaşdığı strateji platformadır:
“Bu, ITMF-in Azərbaycanda keçirdiyi ilk tədbirdir və bu fakt ölkəmizin beynəlxalq tekstil xəritəsinə daxil olmasının rəsmi başlanğıcıdır. Bizim məqsədimiz beynəlxalq tərəfdaşlarla birgə Azərbaycanın tekstil sənayesini rəqabətədavamlı, şəffaf və ilhamverici bir sahəyə çevirməkdir.”
Seminarın gündəliyinə “Qlobal Tekstil Trendləri və Dayanıqlılıq”, “ESG və Sertifikatlaşdırma”, “Qanunvericilik Təklifləri və Tekstil Vision 2030 Yol Xəritəsi” və “Azərbaycan Tekstil Bazarı: Cari Vəziyyət və Perspektivlər” mövzularında panel müzakirələri daxil olub. Ekspertlər ixracın genişləndirilməsi, yaşıl istehsal modelləri və rəqəmsal transformasiya istiqamətlərində fikir mübadiləsi aparıblar.
Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov xalçaçılıq ənənələrinin qorunması və ipək istehsalının yenilənməsi istiqamətində görülən işlərdən danışıb. GP Cotton Holdings-in İdarə Heyətinin sədri Yoxanes Hiri ölkənin coğrafi üstünlükləri, insan kapitalı və innovasiyalara artan sərmayə fonunda tekstil istehsalında yeni dövrün başlandığını vurğulayıb. Seminarda dövlət, biznes, beynəlxalq təşkilatlar və qeyri-hökumət sektorunun nümayəndələri iştirak ediblər.
Tədbirdə ITMF-in Baş direktoru Dr. Kristian Şindler, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov, AZPROMO-nun icraçı direktorun müavini Tural Hacılı, ATA-nın icraçı direktoru Fəridə Axundova, GP Cotton Holdings-in İdarə Heyətinin sədri Yoxanes Hiri, , AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva ç İqtisadiyyat Nazirliyinin Vergi siyasəti baş idarəsinin baş dövlət vergi müfəttişi Anar Cabbarov, İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdir müavini Elxan Şiriyev, KOBİA Katibliyinin rəhbəri Elmar İsayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin Strateji layihələr şöbəsinin müdiri Amir Məmmədov, ABİF-in Partnyorlarla iş şöbəsinin müdiri Rüstəm Əliyev, GiLTEX və Prime Cotton şirkətlərinin direktoru Riçard Morqan, GiLTEX İdarə Heyətinin üzvü Arzu Ardalı, Baki Tikis Evi şirkətinin təsisçisi və Təsisçisi və İcraçı direktoru Elnur Rəhimov, Dubay Ticarət Palatasının Azərbaycandakı nümayəndəsi Sənan Nəsibli və SİAR Araşdırma və Konsaltinq Qrupunun partnyoru Əşrəf Hacıyev iştirak ediblər.
Seminarın sonunda “DanceAbility Azerbaijan” tərəfindən inklüziv rəqs-tamaşası təqdim olunub ki, bu da tədbirin sosial inklüzivlik və bərabər imkanlar prinsiplərinə sadiqliyini nümayiş etdirib.
Bu seminar Azərbaycanın tekstil sənayesinin inkişafında yeni mərhələ açaraq, beynəlxalq əməkdaşlıq, texnoloji modernləşmə və dayanıqlılıq istiqamətində strateji tərəfdaşlığın əsasını qoyub.



