Azərbaycan Tekstil Assosiasiyası və Türkiyə Tekstil İşəgötürənləri Assosiasiyası arasında strateji tərəfdaşlıq başlayıb

9 fevral 2026-ci il, Bakı, Azərbaycan

Azərbaycanın tekstil və hazır geyim sektorunun aparıcı institusional platforması olan Azərbaycan Tekstil Assosiasiyası (ATA) beynəlxalq əməkdaşlıq strategiyası çərçivəsində növbəti mühüm addımını ataraq Türkiyənin aparıcı sektor təşkilatlarından biri — Türkiyə Tekstil İşəgötürənləri Assosiasiyasının (TTEA) ilə geniş və çoxşaxəli strateji tərəfdaşlığa start verib.

Beləliklə, əməkdaşlığın hüquqi və institusional əsasını tərəflər arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumu (MoU) təşkil edir. Memorandum Azərbaycan Tekstil Assosiasiyasının İcraçı Direktoru, Fəridə Axundova və Türkiyə Tekstil İşəgötürənləri Assosiasiyasının (TTEA)-nın Prezidenti, Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının (ITMF) Vitse-Prezidenti, Diktaş Dikiş İplik San. ve Tic. A.Ş.-nin Prezidenti və Baş İcraçı Direktoru və Globe Spinning SAE (Misir)-in Baş İcraçı Direktoru Mustafa Denizer tərəfindən imzalanmışdır.

Memorandum Azərbaycan və Türkiyə arasında tekstil və hazır geyim sənayesində uzunmüddətli, strukturlaşdırılmış və investisiya yönümlü tərəfdaşlığın qurulmasını nəzərdə tutur.

Yeni tərəfdaşlıq mərhələsi ardıcıl institusional dialoq və qarşılıqlı səfərlərin nəticəsi olaraq formalaşıb. 2024-cü ilin 6–8 dekabr tarixlərində TTEA-nın üzv şirkətlərindən ibarət nümayəndə heyəti Bakıya rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasında fəaliyyət göstərən aparıcı tekstil və hazır geyim istehsalçıları ilə bir sıra ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı birgə istehsal və sənaye kooperasiyası, texnologiya və idarəetmə təcrübəsinin mübadiləsi, ixrac yönümlü əməkdaşlıq modelləri və regional bazarlara birgə çıxış imkanları ətraflı müzakirə olunub.

Tərəflər vurğulayıblar ki, Azərbaycan–Türkiyə tekstil əməkdaşlığı yalnız ticarət əlaqələri ilə məhdudlaşmamalı, birgə istehsal, dəyər zənciri inteqrasiyası və sənaye əsaslı əməkdaşlıq modeli üzərində qurulmalıdır.

İmzalanmış Memorandum və qarşılıqlı səfərlər nəticəsində formalaşan əməkdaşlıq birgə istehsal və sənaye kooperasiyası mexanizmlərinin qurulması, texnologiya və innovasiya transferi, ixrac yönümlü istehsalın təşviqi, yeni bazarlara çıxış, regional və qlobal dəyər zəncirlərinə inteqrasiya, investisiya təşəbbüslərinin reallaşdırılması və dövlət–özəl sektor dialoqunun institusional əsasda gücləndirilməsi kimi əsas istiqamətləri əhatə edir. Əməkdaşlığın növbəti mərhələsində tərəflər konkret sənaye layihələrinin strukturlaşdırılması, investisiya mexanizmlərinin müəyyənləşdirilməsi və birgə fəaliyyət planının hazırlanması istiqamətində işləri davam etdirəcəklər.

Bir cavab yazın