11 iyul 2025-ci il tarixində, Bakının aparıcı mədəniyyət məkanlarından biri olan Safarli Gallerydə, Azərbaycan Tekstil Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilmiş unikal sənət layihəsinin təqdimat mərasimi baş tutdu. Tədbirdə Azərbaycanın xalçaçılıq məktəblərindən ilhamlanan və məhdud sayda istehsal olunmuş əl işi ipək kəlağayı kolleksiyası – “Yeddi Gözəl” təqdim olundu.
Layihə Azərbaycan Tekstil Assosiasiyası, Azərİpək ASC və görkəmli sənətkar İlham Səfərlinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib. Tədbirə Azərbaycanın mədəniyyət xadimləri, sənətsevərlər və iş dünyasının nümayəndələri qatılıb.
Kolleksiya Azərbaycanın Qarabağ, Bakı, Naxçıvan, Gəncə, Quba, Şirvan, Təbriz və Qazax xalçaçılıq məktəblərinin motivlərini əks etdirərək həm sənətkarlıq, həm də mədəni irsin təbliği baxımından önəmli addım kimi dəyərləndirilir. Hər kəlağayı Azərbaycan xalça sənətinin estetik kodlarını ipək üzərində yenidən canlandıraraq müasir batik texnikası ilə işlənib.
Təqdimatda çıxış edən Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Fəridə Axundova layihənin milli kimliyin və sənət irsinin təbliği baxımından əhəmiyyətini vurğulayıb:
“Bu layihə Azərbaycanın tekstil və sənət ənənələrinin, incə zövqünün və yaradıcı enerjisinin bir simvoludur. Məqsədimiz bu mədəni irsi qorumaq və dünya ilə bölüşməkdir. Hər kəlağayı təkcə geyim aksesuarı deyil – keçmişlə gələcəyi birləşdirən sənət əsəridir.”
Azərİpək ASC-nin İdarə Heyətinin sədri Anar Dadaşov isə çıxışında Şəki ipəkçiliyinin davamlı inkişafından danışıb:
“Azərİpək olaraq biz 1931-ci ildən bu yana milli ipəkçilik ənənəsini yaşadırıq. ‘Yeddi Gözəl’ kolleksiyası ilə həm bu irsi müasir formada təqdim edirik, həm də dünya auditoriyasına Azərbaycan ipəyinin gözəlliyini tanıdırıq.”
Azərbaycan poeziyasının klassik incilərindən biri olan Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasından ilhamlanan kolleksiya, həm də ədəbi-mədəni yaddaşla sənətkarlığın vəhdətini nümayiş etdirir.
Qeyd edək ki, bu eksklüziv kolleksiya yalnız 80 ədəd olmaqla məhdud sayda istehsal olunub – hər xalçaçılıq məktəbi üzrə cəmi 10 ədəd. Satış yalnız Safarli Gallery-də həyata keçirilir. Əlaqə nömrəsi: +994 50 255 05 06
Azərbaycan Tekstil Assosiasiyası olaraq biz inanırıq ki, bu layihə vasitəsilə milli tekstil sənətimizi yaşatmaqla yanaşı, onu dünya səviyyəsində tanıtmaq üçün də əhəmiyyətli bir addım atılır.




