Azərbaycan Tekstil Assosiasiyası Avropa Yenidənqurma və İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

11 fevral 2024-cü il tarixində Azərbaycan Tekstil Assosiasiyası (ATA) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında görüş baş tutub. Görüş EBRD-nin Bakı ofisində keçirilib və tekstil sənayesinin inkişafına yönəlik müzakirələri əhatə edib.

Görüş zamanı Assosiasiya üzvləri sektorda mövcud olan əsas çağırışları və ehtiyacları səsləndiriblər. EBRD nümayəndələri isə tekstil sənayesinin inkişafına dəstək vermək məqsədilə mövcud maliyyə və texniki imkanlar barədə məlumat veriblər. Təklif edilən xidmətlər sırasında aşağı faizli kreditlər, qrant proqramları, bacarıq inkişafı təlimləri və məsləhət xidmətləri xüsusi vurğulanıb.

Azərbaycan Tekstil Assosiasiyasının icraçı direktoru Fəridə Axundova görüş zamanı Assosiasiyanın sektoru dəstəkləmək istiqamətində planlarını təqdim edib. O, həmçinin EBRD ilə mümkün əməkdaşlıq sahələri barədə fikirlərini bölüşərək, tekstil sənayesinin davamlı inkişafı üçün birgə təşəbbüslərin vacibliyini vurğulayıb.

Bu görüş, Azərbaycanın tekstil sektorunun gücləndirilməsi, beynəlxalq dəstəyin artırılması və ixrac potensialının yüksəldilməsi baxımından əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilir. Azərbaycan Tekstil Assosiasiyası sənaye müəssisələrinin inkişafı və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Bir cavab yazın