Azərbaycan Tekstil Assosiasiyası və Textile Merchants Group (TEXMAS, Dubai) arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

15 fevral 2026-cı il, Bakı, Azərbaycan

Azərbaycanın tekstil və hazır geyim sektorunun aparıcı institusional platforması olan Azərbaycan Tekstil Assosiasiyası (ATA) beynəlxalq əməkdaşlıq strategiyası çərçivəsində növbəti mühüm addım ataraq Birləşmiş Ərəb Əmirliklərinin aparıcı tekstil ticarət platformalarından biri — Textile Merchants Group (TEXMAS, Dubai) ilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu (MoU) imzalayıb.

Memorandum Azərbaycan Tekstil Assosiasiyasının İcraçı Direktoru Fəridə Axundova və TEXMAS-ın Fəxri Sədri Cagdis Amarani tərəfindən imzalanıb.

İmzalanmış sənəd Azərbaycan tekstil və hazır geyim məhsullarının BƏƏ bazarına çıxışının təşviqi, B2B əlaqələrin gücləndirilməsi və iki ölkənin tekstil müəssisələri arasında kommersiya əməkdaşlığının inkişafı məqsədilə institusional çərçivənin formalaşdırılmasını nəzərdə tutur.

Memorandumun əsas istiqamətləri:

  • Ticarətin təşviqi və informasiya mübadiləsi
    TEXMAS tərəfindən Dubayda fəaliyyət göstərən idxalçı və distribyutor şirkətlər barədə məlumatların ATA ilə paylaşılması, ATA tərəfindən isə Azərbaycan tekstil istehsalçıları, onların istehsal gücü və məhsul portfeli barədə məlumatların təqdim edilməsi.
  • Biznes əlaqələrinin genişləndirilməsi
    Azərbaycan–BƏƏ tekstil üzrə biznes forumlarının təşkili, B2B görüşlərin və şəbəkələşmə sessiyalarının keçirilməsi, istehsalçılar və idxalçılar arasında birbaşa əlaqələrin qurulması.
  • Bazar dəstəyi və normativ çərçivə üzrə məsləhət
    TEXMAS tərəfindən Azərbaycan şirkətlərinə BƏƏ bazar tənzimləmələri, idxal prosedurları və normativ tələblərlə bağlı dəstəyin göstərilməsi.
  • Təhsil və təcrübə mübadiləsi
    Qlobal tekstil ticarəti trendləri, davamlılıq, innovasiya və bazar transformasiyası istiqamətində bilik və təcrübə mübadiləsinin təşviqi.

Memoranduma əsasən, tərəflər birgə İşçi Qrup yaradaraq konkret fəaliyyət planını müəyyənləşdirəcək və əməkdaşlığın icrasına nəzarət edəcəklər. Sənəd imzalandığı tarixdən etibarən 3 il müddətində qüvvədə olacaq.

ATA üzv şirkətlərini ATA–TEXMAS Memorandumu çərçivəsində yaradılan Birgə İşçi Qrupunda iştirak etmək üçün maraqlarını bildirməyə dəvət edir; maraqlanan üzvlər ətraflı məlumat üçün Firuza Mənsumzadə ilə +994 50 290 25 51nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.

Bu əməkdaşlıq Azərbaycan tekstil sənayesinin Körfəz regionunda mövqeyinin gücləndirilməsi, ixrac imkanlarının artırılması və regional ticarət platformalarına daha sistemli inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Bir cavab yazın