Azərbaycan Uşaq Fondu və Azərbaycan Tekstil Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

08 yanvar 2026-cı il, Bakı

Azərbaycan Uşaq Fondu (AUF) və Azərbaycan Tekstil Assosiasiyası (ATA) arasında uşaq tekstili və uşaq geyimləri sahəsində təhlükəsizlik və keyfiyyət standartlarının hazırlanması və tətbiqi istiqamətində əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandum AUF-un sədri Zəhra Bədəlbəyli və ATA-nın İcraçı direktoru Fəridə Axundova tərəfindən imzalanıb.

Sənədin məqsədi Azərbaycan Respublikasında uşaq tekstili məhsulları üzrə təhlükəsizlik, sanitar-gigiyenik, kimyəvi və fiziki riskləri əhatə edən milli standartların hazırlanmasına və tətbiqinə dəstək göstərmək, eyni zamanda bu sahədə institusional əməkdaşlığı gücləndirməkdir.

Memorandum çərçivəsində aşağıdakı istiqamətlər üzrə fəaliyyət nəzərdə tutulur:

  • Uşaq geyimləri və gündəlik istifadə olunan tekstil məhsulları üzrə təhlükəsizlik və keyfiyyət tələblərinin müəyyənləşdirilməsi;
  • Kimyəvi maddələr, boyalar, aksesuarlar və mexaniki risklər üzrə risk əsaslı yanaşmanın tətbiqi;
  • Beynəlxalq standartların (ISO, OEKO-TEX, EN və s.) öyrənilməsi və uyğunlaşdırılması;
  • Dövlət qurumları ilə koordinasiyalı fəaliyyət mexanizminin formalaşdırılması;
  • Uşaq məhsulları üzrə institusional əməkdaşlığın gücləndirilməsi və işçi qruplarının yaradılması;
  • Valideynlər, istehlakçılar və istehsalçılar üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.

Memorandumun icrası çərçivəsində artıq ilk praktiki addım atılıb. 24 fevral 2026-cı il tarixində Azərbaycan Standartlaşdırma İnstitutu ilə işgüzar görüş keçirilib. Görüşdə İnstitutun Baş direktorunun müavini – Standartlaşdırma Departamentinin direktoru Kəmalə Məmmədzadə ilə uşaqlar üçün tekstil məhsulları üzrə təhlükəsizlik standartlarının hazırlanması və tətbiqi məsələləri müzakirə olunub.

Tərəflər qeyd ediblər ki, bu əməkdaşlıq uşaq məhsullarında təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, yerli istehsalın beynəlxalq standartlara uyğunlaşdırılmasına və istehlakçı hüquqlarının qorunmasına xidmət edəcəkdir. Azərbaycan Tekstil Assosiasiyası üzv şirkətləri bu istiqamətdə yaradılacaq İşçi Qrupun fəaliyyətində iştirak etməyə dəvət edir. Maraqlanan üzvlər əlavə məlumat üçün Firuza Mənsumzadə ilə ++994 50 290 25 51 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.

Bir cavab yazın